“Dildə, Fikirdə və İşdə Birlik”| İnkişaf edən Türkiyə-Azərbaycan əlaqələri və yeni hədəflər – ANALIZ

2023/07/1689770479.jpg
Oxunub: 7738     11:08     20 İyul 2023    
Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa Bəyannaməsinin məqsədlərinə və gələcəyə ümumi baxışa uyğun olaraq Türkiyə ilə Azərbaycan arasında müstəsna münasibətlərin bütün ölçülərdə daha da inkişaf etdirilməsi üçün yüksək səviyyədə konkret iradənin olduğu görüldü.

28 may seçkilərində qalib gələn və yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğan ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) etdi, daha sonra rəsmi təmaslar üçün ŞKTC-dən birbaşa Azərbaycana gəldi. Bu, simvolik mənadan əlavə, Türkiyənin yeni dövrdə izləyəcəyi xarici siyasət prioritetləri ilə bağlı mühüm ipucularını ehtiva edirdi. Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana səfəri ölkədə böyük həyəcan yaratdı. Azərbaycan xalqının Türkiyə sevgisi misilsizdir. Bundan başqa, Azərbaycanda Ərdoğana xüsusi və sıx maraq var. Bakının fatehi və Qafqaz İslam Ordusunun komandanı Nuru Paşadan sonra adı ən çox çəkilən şəxsin Ərdoğan olduğunu söyləmək mümkündür.

Azərbaycanda Nuru Paşa və Ərdoğan sevgisi vətənpərvərlik hissindən irəli gələn bir sədaqət borcudur. Çünki Nuru Paşa Bakını erməni və rus işğalından azad edib, Ərdoğan isə Qarabağ müharibəsinin ikinci mərhələsində nümayiş etdirdiyi düzgün mövqe, Azərbaycana açıq və aydın dəstək verməsi nəticəsində 30 ildir Ermənistanın işğalı altında olan Qarabağın işğaldan azad edilməsində böyük xidmətlər göstərib. Bu səbəbdən hər iki şəxs Azərbaycan xalqının qəlbində əfsanəyə çevrilib. Qarabağ müharibəsinin ikinci mərhələsi zamanı və ondan sonra Ərdoğanın Azərbaycana dəstək verməsi Prezident İlham Əliyev tərəfindən dəfələrlə dilə gətirilib və Ərdoğanın açıq dəstəyinin digər ölkələrin də prosesə qarışmasının qarşısını aldığı bildirilib. İki liderin mətbuata açıqlamasında cənab İlham Əliyev Ərdoğana üz tutaraq dedi: “Fürsətdən istifadə edərək, Azərbaycan xalqı adından Sizə və qardaş Türkiyəyə İkinci Qarabağ savaşı dönəmində bizə göstərdiyiniz qardaşlıq dəstəyinə, mənəvi və siyasi dəstəyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm”.

Azərbaycan xalqı Türkiyə ilə bağlı məsələlərə çox həssas yanaşır. Türkiyənin sevincinin Azərbaycanın sevinci, Türkiyənin kədərinin Azərbaycanın kədəri olması sosial refleksə çevrilib. Bu refleksi xalq şairi Əhməd Cavadın “Çırpınırdı Qara dəniz” və “Lalələr”, Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə”, Xəlil Rıza Ulutürkün “Yaşasın od yurdu, qardaş Türkiyə” və Hüseyn Cavidin “Dəniz tamaşası” şeirlərində aydın şəkildə görmək mümkündür. Fevralın 6-da Türkiyədə baş verən zəlzələni Azərbaycan xalqı ürəyində hiss etdi və zəlzələdən zərər çəkənlərə yardım etmək üçün bir cəmiyyət olaraq səfərbər oldu. Eynilə, normal olaraq siyasi hadisələrdən ehtiyatlanan Azərbaycan xalqı həmçinin Türkiyədə keçirilən seçkilərin hər dəqiqəsini böyük həvəslə izləyib və bu seçkiyə Azərbaycanın maraqları baxımından qiymət verib. Bu səbəbdən də ölkədə seçkinin nəticələri bayram əhval-ruhiyyəsində qeyd olunub. Çünki Azərbaycan xalqı Qarabağ Zəfərinin yekun nəticəsinin Ərdoğan və Türkiyənin Azərbaycanın tərəfini tutması ilə mümkün olacağına inanır. Bu səbəbdən Azərbaycan xalqı ilk xarici səfərini Azərbaycana edən Ərdoğanı böyük ruh yüksəkliyi ilə qarşıladı.

Məlum olduğu kimi, Türkiyənin Azərbaycanla əlaqələri çoxşaxəli və strateji xarakter daşıyır. Yüksək səviyyəli intensiv qarşılıqlı səfərlər əlaqələrin arxasında duran ən mühüm hərəkətverici qüvvədir. İki ölkənin dövlət rəsmilərinin vəzifəyə gəldikdən sonra və ya simvolik əhəmiyyət kəsb edən hadisələrdən sonra prioritet olaraq digər ölkəyə səfər etməsi ənənəsi formalaşıb. Lakin Ərdoğanın 28 may seçkilərində qalib gələrək yenidən Prezident seçildikdən sonra ilk səfərini ŞKTC və Azərbaycana etməsi simvolik mənadan çox, indiyə qədər edilən əməkdaşlığın təsdiqi və bundan sonra ediləcək əməkdaşlıq sahələrinin bəyan edilməsidir. Bu səfərin böyük nümayəndə heyəti ilə həyata keçirilməsi bir tərəfdən Türkiyədə yeni Nazirlər Kabinetinin tərkibindəki nazirlərin Azərbaycandakı həmkarları ilə tanış olması, digər tərəfdən də iki qardaş ölkə arasında yeni perspektivlə ortaq əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi istiqamətində atılan addım idi.

Protokol səfərindən çox səmimi atmosferdə keçən bu səfərdə çox mühüm məsələlər üzrə hərtərəfli əməkdaşlıq imkanları da müzakirə olundu. Şübhəsiz ki, bu səfərin ən mühüm nailiyyətlərindən biri uzun müddətdir üzərində iş aparılan Azərbaycan-Türkiyə müştərək universitetinin yaradılmasına dair yüksək iradənin konkretləşdirilməsi oldu. Əvvəla, qeyd edək ki, Bakıda müştərək universitetin yaradılması həm strateji, həm də iki qardaş ölkənin birgə elm və texnologiya istehsal etməsi baxımından vacibdir. Bundan əlavə, belə bir universitetin yaradılması həm də Türk Dövlətləri Təşkilatının (TDT) “ortaq sivilizasiyadan güc alaraq ortaq gələcək yaratmaq” əsas prinsipinin qurulmasına xidmət edəcək. Bu universitet iki qardaş ölkəni tanıyan və təhlil edən, başda iki dövlət olmaqla Türk Dünyasının ortaq maraqları ətrafında birləşə bilən, şüurlu, məsuliyyətli, potensiallı gənclərin yetişdirilməsi üçün bir mühit təmin edəcək.

Görüşdən sonra keçirilən mətbuat konfransında liderlər iki ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran Şuşa Bəyannaməsinin əhəmiyyətinə diqqət çəkiblər, Bəyannamədə yer alan məsələlərin həyata keçiriləcəyini, Türkiyənin Şuşada Baş Konsulluq açmağa hazır olduğunu, Zəngəzur dəhlizinin açılmasının iki ölkə ilə Türk Dünyası arasında əlaqələr baxımından əhəmiyyətli olduğunu, ortaq dəhliz, vahid xarici siyasət, regionda sülh və sabitlik, Türkiyə-Azərbaycan əlaqələrinin inkişafının Türk Dünyasına əks olunması, enerji sahəsində əməkdaşlıq, müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlıq, Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələri modeli əsasında qurulması, strateji sahələrdə özünü təmin etmə, bütün sahələrdə ikitərəfli münasibətlərin inkişafı, xarici ticarət həcminin 15 milyard dollara çatdırılması, güzəştli ticarət müqaviləsi, kənd təsərrüfatı, heyvandarlıq sahəsində birgə işlər və nəqliyyat sahəsində əməkdaşlıq kimi məsələlərin vacib olduğunu qeyd ediblər.

Ərdoğanın ŞKTC-dən dərhal sonra çoxlu nazirlər və yüksək vəzifəli şəxslər ilə yenidən Azərbaycana səfəri və səfər zamanı iki liderin səmimi mövqeyi Azərbaycan ictimaiyyətində aşağıdakı düşüncələri formalaşdırdı:

- Bölgədə sülh və sabitlik Türkiyə-Azərbaycan əməkdaşlığı ilə mümkün olacaq,

- Qarabağ Zəfərindən əldə edilən qazancların davam etdirilməsi üçün Türkiyə-Azərbaycan əlaqələri intensivləşdirilməlidir,

- 30 illik işğaldan sonra Qarabağda Azərbaycan bayrağının yenidən dalğalanması Türkiyə ilə Azərbaycan arasında əməkdaşlığın bariz nəticəsidir,

- Azərbaycanda əldə olunan mühüm nailiyyətlərin təməlində Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq münasibətləri dayanır,

- Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri qarşısında yeni imkanlar açılacaq, yeni üfüqlər yaranacaq,

- “Bir millət - iki dövlət” düşüncəsi hərbi, siyasi, iqtisadi, mədəni, bir sözlə, hər sahədə əsas qəbul edilməli və mövcud əlaqələr bütün ölçülərdə dərinləşdirilməlidir,

- Təhsildə brendə çevriləcək və Türk Dünyası şüuruna sahib gənclər yetişdirəcək ortaq universitet dərhal açılmalıdır,

- İki ölkə tərəfindən qarşılıqlı olaraq digər ölkə vətəndaşlarının sıx bürokratiyadan uzaq təhsil, yaşayış və işləmək hüququnun tanınması və bu təcrübənin zamanla bütün türk dövlətlərinə yayılması vacibdir,

- Türkiyə-Azərbaycan əməkdaşlığı Türk Birliyinə gedən yolda çox mühüm bir addımdır.


Nəticə olaraq, bu səfər Azərbaycanın Türkiyənin xarici siyasətində birinci yerdə qərarlaşdığının və Azərbaycanın prioritetlərinin Türkiyənin prioritetləri olduğunun bütün dünyaya elanı kimi oxunmalıdır. Bu dövrdə Türkiyə ilə Azərbaycan arasında iqtisadi və siyasi əlaqələrin özünəməxsus inteqrasiya modeli çərçivəsində institutlaşması, iki qardaş ölkənin təşəbbüsü ilə Türk Dünyasında Qaspıralı İsmayıl bəyin “Dildə, Fikirdə və İşdə Birlik” prinsipini təcəssüm etdirəcək layihələrin həyata keçirilməsi gözlənilir. Digər tərəfdən, Ərdoğanın Azərbaycana səfəri zamanı Şuşa Bəyannaməsinin məqsədlərinə və gələcəyə ümumi baxışa uyğun olaraq Türkiyə ilə Azərbaycan arasında müstəsna münasibətlərin bütün ölçülərdə daha da inkişaf etdirilməsi üçün yüksək səviyyədə konkret iradənin olduğu görüldü.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Ərdoğan   İlham-Əliyev  


Bizi "telegram"da izləyin